
Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İsrailin
Müdafiə naziri Israel Katz Livan hökumətinə ultimatum verib.
Trend xəbər verir
ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Katz bildirib ki, əgər Livan hökuməti Hizbollah qruplaşmasının
hücumlarının qarşısını almasa, İsrail ərazini nəzarətə götürərək
bunu özü edəcək.
“Dünən Hizbullah İsrail Dövlətinə doğru güclü raket atəşləri
həyata keçirdi. IDF buna cavab olaraq Dahiyədə və Livanın müxtəlif
yerlərində Hizbullah hədəflərinə qarşı sərt zərbələr endirdi.
Mən Livan prezidentini xəbərdar etdim ki, əgər Livan hökuməti öz
ərazisinə nəzarət etməyi, Hizbullahın şimal icmalarını təhdid
etməsinin və İsrailə atəş açmasının qarşısını almağı bacarmasa, biz
həmin ərazini götürüb bunu özümüz edəcəyik”,- Katz İsrail Müdafiə
Qüvvələrinin (IDF) zabitləri ilə keçirilən qiymətləndirmə iclası
zamanı deyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

