
Bakı. Trend:
Yaxın Şərqdə geniş miqyaslı uçuş ləğvləri və LPG təchizatında
ciddi pozuntular səbəbindən mart və aprel aylarında qlobal neft
tələbatının əvvəlki proqnozlarla müqayisədə təxminən gündəlik
1milyon barel azalacağı gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)
hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, yüksək neft qiymətləri və qlobal
iqtisadiyyat üçün artan risklər də proqnoza mənfi təsir göstərir:
“Nəticədə 2026-cı ildə qlobal neft istehlakı əvvəlki ilə nisbətən
gündəlik 640 min barel artacaq, bu isə əvvəlki proqnozdan gündəlik
210 min barel azdır.
Neft qiymətləri 28 fevralda ABŞ və İsrailin İrana qarşı birgə
hava zərbələri endirməsindən sonra kəskin dəyişkən olub. Regionun
neft infrastrukturuna hücumlar və Hörmüz boğazından tanker
hərəkətinin dayanması səbəbindən Brent fyuçerslərinin qiyməti,
demək olar ki, 120 dollar/barel səviyyəsinə çatdı. Sonradan
qiymətlər bir qədər aşağı düşsə də, bu hesabat hazırlanarkən Brent
təxminən 92 dollar/barel səviyyəsində idi ki, bu da ay ərzində 20
dollar artım deməkdir”.
BEA-nın ehsabatında billdirilib ki, qlobal neft bazarı Yaxın
Şərqdəki müharibənin nəticələri ilə üzləşir: “Regionda enerji
infrastrukturuna birbaşa ziyan vurulmasından əlavə, böhran Hörmüz
boğazından tanker hərəkətinin, demək olar ki, tam dayanmasına səbəb
olub. Hazırda təxminən gündəlik 20 milyon barel həcmində xam neft
və məhsul ixracı pozulub və dünyanın ən vacib neft tranzit boğazını
alternativ marşrutlarla əvəz etmək üçün imkanlar məhduddur. Bu
vəziyyət həm istehsalçılara, həm də istehlakçılara ciddi təsir
edir. Müharibə başlayandan bəri benchmark neft qiymətləri 20
dollar/barel artaraq 92 dollar/barel səviyyəsinə çatıb və məhsul
bazarlarında artım daha da böyük olub”.
Hesabatda vurğulanır ki, hazırda limanlarda yük yükləyə bilən və
ya yükləməyə razı olan gəmilərin sayı çox azdır və daxili anbarlar
sürətlə dolur: “ Buna görə region istehsalçıları hasilatı azaltmağa
və ya müvəqqəti dayandırmağa məcbur olurlar. Vəziyyət sürətlə
dəyişdiyindən və məlumatlar bəzən qeyri-şəffaf olduğundan dəqiq
qiymətləndirmə çətindir. Lakin hesablamalara görə xam neft hasilatı
ən azı gündəlik 8 milyon barel azaldılıb, əlavə olaraq gündəlik 2
milyon barel kondensat və NGL istehsalı da dayandırılıb. Ən böyük
azalmalar İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında
müşahidə olunur”.
“Pozuntular yalnız hasilat və ixracla məhdudlaşmır. Bir sıra
neft emalı zavodları və qaz emalı müəssisələri hücumlar və
təhlükəsizlik səbəbləri ilə bağlanıb. Hörmüz boğazının bağlanması
ixrac yönümlü emal zavodlarını da istehsalı azaltmağa və ya tam
dayandırmağa məcbur edir, çünki məhsul anbarları dolur. Gündəlik 4
milyon bareldən çox emal gücü risk altındadır. 2025-ci ildə Fars
körfəzi ölkələri təxminən gündəlik 3,3 milyon barel emal olunmuş
məhsul və gündəlik 1,5 milyon barel LPG ixrac edirdi. Digər
regionlarda emalı artırmaq mümkün olsa da, xammal çatışmazlığı əsas
məhdudiyyət olacaq. Buna görə bəzi ölkələr artıq neft məhsullarının
ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Xüsusilə dizel və
aviasiya yanacağı bazarları Yaxın Şərqdən uzunmüddətli təchizat
itkilərinə qarşı daha həssas görünür”, – məlumatda qeyd edilib.
Eyni zamanda hesabatda bildirilib ki, Yaxın Şərqdəki böyük hava
limanlarında uçuşların dayandırılması və bunun digər regionlardakı
tranzit mərkəzlərinə təsiri qlobal aviasiya yanacağı tələbatını
azaldıb: “LPG və nafta təchizatının kəskin azalması artıq
neft-kimya zavodlarını polimer istehsalını azaltmağa məcbur edir.
Bu isə Fars körfəzi petrokimya məhsullarının axınındakı itkiləri
daha da artırır. LPG-nin xüsusilə Hindistan və Şərqi Afrikada yemək
bişirmə və isitmə üçün istifadəsi də risk altındadır. Ümumilikdə
isə yüksək neft qiymətləri və zəifləyən iqtisadi perspektiv bütün
neft məhsullarına olan tələbatı azaldır. Bu səbəbdən mart və aprel
ayları üçün qlobal neft tələbatı artımı proqnozu orta hesabla
gündəlik 1 milyon bareldən çox azaldılıb, 2026-cı il üzrə proqnoz
isə gündəlik 210 min barel azaldılaraq gündəlik 640 min barel
səviyyəsinə endirilib”.

