
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon
prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbulunu
keçirib.
Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Ləcət, Moruqoba və Tağaroba kənd sakinləri iştirak
ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn
Ramazan və Novruz bayramı münasibətilə sakinləri təbrik edib,
onlara xoş arzularını çatdırıb. Prezident cənab İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən səyyar
qəbulların əhəmiyyətindən danışıb.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının
yenilənməsi, su təchizatının yaxşılaşdırılması və məktəb binasının
əsaslı təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

