
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti
iclası keçirilib.
YAP-dan Trend-ə
verilən məlumata görə, iclasın müzakirəsinə partiyanın 2025-ci il
üzrə maliyyə hesabatı təqdim olunub.
Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək
maliyyə hesabatının mövcud qanunvericiliyin tələblərinə uyğun
olaraq mükəmməl səviyyədə hazırlandığını, partiyanın hesabat dövrü
üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam
əks etdirdiyini vurğulayıb.
Sonra 2025-ci il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri
tərəfindən təsdiq edilib.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılaraq müvafiq
qərarlar qəbul olunub.
Yekunda YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir
Budaqov mütləq suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf
mərhələsinə qədəm qoymuş Azərbaycanın “Konstitusiya və Suverenlik
İli” olan 2025-ci ildə mühüm uğurlara imza atmaqla milli gücünü və
beynəlxalq nüfuzunu daha da artırdığını vurğulayıb. O, qarşıda
duran hədəflərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinə
böyük məsuliyyətin düşdüyünü bildirərək bu kontekstdə partiyanın
Nizamnamə və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil
qaydada yerinə yetirilməsinin önəmini qeyd edib.
Ölkəmizin “Memarlıq və Şəhərsalma İli”ndə də ardıcıl
nailiyyətlər qazanacağına əminliyini ifadə edən YAP Sədrinin
müavini iclas iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan
bayramları münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və
fəaliyyətlərində uğurlar arzulayıb.

