
Bakı. Trend:
2025-ci il ərzində Azərbaycanda “Apple Pay” və “Google Pay”
vasitəsilə edilən ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%
artıb, həcmi isə 66% yüksəlib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Bildirilir ki, hesabat dövrü ərzində POS-terminallar vasitəsilə
edilən hər ikinci təmassız ödəniş məhz “ağıllı cihazlar”la həyata
keçirilib.
“Azərbaycanda rəqəmsal ödənişlərin istifadəsi yüksək dinamika
göstərir. 2025-ci il ərzində Milli Ödəniş Sistemi (MOS) vasitəsilə
işlənən əməliyyatların həcmi 840,9 milyard manat təşkil edib ki, bu
da ÜDM-in altı qatına bərabərdir”, – məlumatda qeyd edilib.
Məlumata görə, gündəlik ödənişlərin həyata keçirilməsində əsas
ödəniş vasitəsi debet və kredit kartları olub, ölkə daxilində
onların köməyi ilə edilən nağdsız ödənişlərin həcmi 2024-cü illə
müqayisədə 26% artaraq 99,1 milyard manata çatıb.
Kartlar vasitəsilə yerli əməliyyatlarda nağdsız dövriyyənin payı
2024-cü illə müqayisədə 3,4 faiz bəndi artaraq tarixdə ən yüksək
səviyyə olan 67,6%-ə yüksəlib.
Qeyd edək ki, yanvar ayının sonuna olan məlumata görə,
Azərbaycanda banklar və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan
ödəniş kartlarının sayı əvvəlki aydan 176 min ədəd artaraq 22
milyon 156 min ədəd olub.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%
artıb.
Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə
7,6% azalıb.

