
Bakı. Trend:
“Real” Çempionlar Liqasının 1/4 finalına doğru “Mançester Siti”
üzərində inamlı qələbə qazanıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ciddi itkilərlə mübarizə aparan
Madrid təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub
edib.
Zədə səbəbindən son matçları buraxan Kilian Mbappenin
İngiltərədə keçiriləcək cavab qarşılaşmasında iştirak etmək
şansının olduğu bildirilir. Fransalı hücumçu ilə yanaşı,
müdafiəçilər Alvaro Karreras və David Alabanın da həlledici oyuna
qədər yaşıl meydanlara qayıtması gözlənilir. Lakin yarımmüdafiəçi
Cud Bellinqemin gələn həftə “şəhərlilər”ə qarşı oynamayacağı
dəqiqləşib. Ferlan Mendinin vəziyyəti isə aparılacaq əlavə
müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, “Mançester Siti” və “Real” arasındakı cavab
qarşılaşması martın 17-də keçiriləcək.

