Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu xeyli artıb – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqazda baş verən son siyasi və iqtisadi proseslər
göstərir ki, Azərbaycan artıq regionun sabitlik və əməkdaşlıq
gündəliyini müəyyən edən əsas aktorlardan birinə çevrilib.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov
bildirib.

O, qeyd edib ki, bu reallıq xüsusilə Avropa strukturları ilə
əlaqələrin inkişaf dinamikasında özünü aydın şəkildə göstərir:

“Bakıda keçirilən son görüşlər və aparılan müzakirələr də
təsdiqləyir ki, Azərbaycanla Avropa arasında tərəfdaşlıq yeni
mərhələyə daxil olur və bu proses həm regional təhlükəsizlik, həm
də iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı mətbuata
bəyanatında Avropa strukturları ilə dialoqun intensiv xarakter
daşıdığını qeyd edərək, son dövrlərdə aparılan görüşlərin tərəflər
arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirdiyini vurğuladı.
Dövlət başçısının sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı
səfərlər və davamlı siyasi dialoq iki tərəf arasında etimadın
güclənməsinə və əməkdaşlıq gündəliyinin genişlənməsinə xidmət edir.
Bu baxımdan Bakıda keçirilən görüşlərin təkcə diplomatik hadisə
deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən
mühüm platforma olduğu aydın görünür”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın Avropa üçün strateji
tərəfdaş kimi qəbul olunmasının əsas səbəblərindən biri enerji
sahəsində əldə edilən uğurlardır:

“Son illər həyata keçirilən enerji layihələri Avropa ölkələrinin
enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə
artırıb. Xüsusilə 2022-ci ildə imzalanmış enerji sahəsində strateji
tərəfdaşlıq sənədindən sonra Azərbaycanın qaz ixracı həm coğrafiya,
həm də həcm baxımından genişlənib. Bu gün Avropanın bir sıra
dövlətləri məhz Azərbaycan qazı hesabına enerji təminatını daha
dayanıqlı şəkildə qurur. Prezident İlham Əliyev çıxışında qeyd etdi
ki, Azərbaycan qazının artıq çoxsaylı ölkələrə çatdırılması
ölkəmizin qlobal enerji bazarında mövqeyini gücləndirib. Boru
kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən ölkələr
arasında Azərbaycanın ön sıralarda yer alması, eyni zamanda,
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol
oynaması dövlətimizin strateji əhəmiyyətini daha da artırır. Bu
faktor həm də Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı və
uzunmüddətli enerji təchizatçısı kimi qəbul olunduğunu göstərir.
Enerji ilə yanaşı, təhlükəsizlik və nəqliyyat sahələrində
əməkdaşlıq da diqqət mərkəzindədir. Xüsusilə Orta Dəhlizin inkişafı
Avropa ilə Asiya arasında yeni logistika imkanları yaradır və
Azərbaycan bu prosesdə əsas tranzit mərkəzlərdən biri kimi çıxış
edir. Bu marşrutun genişləndirilməsi regionda iqtisadi aktivliyin
artmasına və yeni ticarət əlaqələrinin formalaşmasına töhfə
verəcək. Bununla yanaşı, bölgədə sülh gündəliyinin irəliləməsi də
Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə təsir edən mühüm
amillərdən biridir. Uzun illər davam edən münaqişə mərhələsindən
sonra regionda yeni reallıqlar formalaşır və sülhə doğru atılan
addımlar əməkdaşlıq imkanlarını genişləndirir. Artıq sülh
şəraitinin yaratdığı imkanlar iqtisadi və nəqliyyat layihələrinin
inkişafına da müsbət təsir göstərməkdədir. Bütün bunlar göstərir
ki, Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də regional
sabitliyin təmin olunmasında mühüm rol oynayan məsuliyyətli
dövlətdir. Ölkəmizin həyata keçirdiyi siyasət həm regional
təhlükəsizliyin möhkəmlənməsinə, həm də qlobal əməkdaşlıq mühitinin
genişlənməsinə xidmət edir. Azərbaycanın artan beynəlxalq nüfuzu və
konstruktiv diplomatik fəaliyyəti isə onu Avropa və digər
beynəlxalq aktorlar üçün daha da vacib strateji tərəfdaşa
çevirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir