
Bakı.Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin
İnkişafı Xidmətinin sifarişi əsasında respublikanın rayonları, o
cümlədən Lerik rayonu üzrə meşə quruluşu xəritələri
hazırlanmaqdadır.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, Lerik Rayon İcra Hakimiyyəti
tərəfindən məntəqələrin hüdudları daxilində olan meşə ilə örtülü
olmayan 477 ha, torpaq islahatı aparılan zaman vətəndaşlara pay
torpağı kimi verilmiş 250 ha, ümumilikdə 727 ha torpaq sahəsinin
meşə fonduna aid olmayan meşə ilə örtülü sahələrlə əvəz olunması
nəzərdə tutulan ərazilər müəyyən edilmiş və hazırda İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə çöl
ölçmə işləri görülür.
Qeyd olunan torpaq sahələrinin koordinatları bir daha
dəqiqləşdirildikdən sonra yerquruluşu planlarının hazırlanması
nəzərdə tutulur. Bununla əlaqədar olaraq, meşə fondu torpaqlarının
digər torpaqlarla əvəzləşdirilməsi və kateqoriyasının
dəyişdirilməsi məsələsinə Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələbləri
çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin müraciəti əsasında
baxılacaqdır.

