
Bakı. Trend:
Diaspor fəaliyyətinin əlaqələndirilməsi istiqamətində 2018-ci
ildən başlanan işlər əsasında hazırda 44 ölkə üzrə
16 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya
Şurası fəaliyyət göstərir.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci il 8 may tarixində Livanın Kavaşra
kəndində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Beləliklə,
dünya ölkələri üzrə Azərbaycan evlərinin sayı 20
ölkə üzrə 31-ə çatıb.
2025-ci il ərzində Azərbaycan Respublikasına 13
cənazə gətirilib, 2 müraciət əsasında fövqəladə
hallar zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı yardım
göstərilib, 24 müraciət əsasında isə sosial yardım
olunub.
Hazırda 24 ölkədə (Fransa, Almaniya,
Finlandiya, İsveçrə, İsveç, Avstriya, Niderland, Çexiya, Litva,
Yunanıstan, Norveç, İspaniya, Macarıstan, Qazaxıstan, Gürcüstan,
Özbəkistan, Qırğızıstan, Türkiyə, Şimali Kipr, Misir, ABŞ, Kanada,
Böyük Britaniya, Moldova) 90-dan çox həftəsonu
məktəbi fəaliyyət göstərir.
Dünya azərbaycanlılarının həyat və fəaliyyətindən bəhs edən, bu
günədək 40 ölkədə çəkilişləri aparılan Diasporla İş üzrə Dövlət
Komitəsinin internet televiziyası Diaspor TV və İctimai
Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının
8 il ərzində 200-ə yaxın
buraxılışı hazırlanaraq yayımı təmin olunub.
Diaspor FM-də diaspor həyatına dair reportajlar, müsahibələr,
maarifləndirici verilişlər və digər media materialları geniş
auditoriyaya təqdim olunub, 2025-ci il ərzində 120
veriliş yayımlanıb.

