
Bakı. Trend:
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçün
yeni inzibati binalar inşa ediləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hesabat ilində Şuşa Rayon Məhkəməsinin Xankəndi
şəhərinə köçürülməsi təmin edilib, həmçinin Xankəndi Şəhər
Məhkəməsinin inzibati binasında IT infrastrukturunun yaradılması və
“Elektron məhkəmə” informasiya sisteminin istifadəyə verilməsi üzrə
işlər davam etdirilib.
Bundan başqa, Şuşa Rayon və Xankəndi Şəhər məhkəmələrinin
yerləşdiyi inzibati binalarda məhkəmə zallarının informasiya və
kommunikasiya texnologiyaları ilə təchizatı işi yekunlaşmaq
üzrədir.
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçün
yeni inzibati binaların inşasının nəzərdə tutulması ilə bağlı
müvafiq qaydada müraciət olunub.

