
Bakı. Trend:
Hava gəmilərinə texniki xidmət göstərən və Silk Way West
Airlines şirkətinin törəmə müəssisəsi olan Silk Way Technics
fəaliyyətinin 20 illik yubileyini qeyd edir. 2006-cı ildə təsis
olunan şirkət öz infrastrukturunu genişləndirərək Qafqaz regionunda
hava gəmilərinə göstərilən texniki xidmət sahəsində mövqeyini
möhkəmləndirib.
Şirkətin inkişafında mühüm mərhələlərdən biri 2010-cu ildə EASA
Part-145 sertifikatının əldə edilməsi olub. Bu sertifikat xidmət
portfelinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə və Boeing,
Airbus, Embraer və Gulfstream tipli hava gəmilərinə texniki
xidmətin göstərilməsinə imkan verib. O vaxtdan etibarən Silk Way
Technics beynəlxalq aviasiya standartlarına və sənayenin qabaqcıl
təcrübələrinə uyğun olaraq əməliyyat imkanlarını inkişaf etdirməyə
davam edir.
Bu gün şirkət Silk Way West Airlines donanmasının texniki
xidmətini həyata keçirir, həmçinin yerli və beynəlxalq
operatorların geniş dairəsi ilə işləyir. Şirkətin müştəriləri
sırasında Azerbaijan Airlines və ASG Business Aviation, eləcə də
Air Astana, Air Belgium, Israir Airlines, Jazeera Airways, Kuwait
Airways, Pegasus Airlines, Polskie Linie Lotnicze LOT, Qatar
Airways, Turkish Airlines, Uzbekistan Airways və Wizz Air Hungary
kimi aparıcı beynəlxalq aviaşirkətlər var. Bu isə Silk Way
Technics-in texniki ekspertizasına və əməliyyat standartlarına
göstərilən yüksək etimadı təsdiqləyir.
“Bu yubiley son 20 il ərzində texniki imkanlarımızın inkişafını
və komandamızın fədakarlığını əks etdirir,” deyə Silk Way Technics
şirkətinin baş direktoru Emin Səfərov bildirib. “Biz beynəlxalq
standartlara sadiq qalaraq tərəfdaşlarımıza yüksək keyfiyyətli
xidmət göstərməyə davam edirik.”
Silk Way Technics haqqında
2006-cı ildə təsis edilmiş Silk Way Technics şirkəti Silk
Way Group şirkətlər qrupunun tərkib hissəsidir. Şirkətdə 600-dən
çox sertifikatlaşdırılmış mütəxəssis çalışır və onlar müxtəlif
tipli hava gəmilərinə texniki xidmət göstərir, həmçinin təmir
işlərini həyata keçirirlər. Şirkət Heydər Əliyev Beynəlxalq Hava
Limanının ərazisində yerləşən və 26 000 m² sahəyə malik
olan anqar kompleksində fəaliyyət göstərir.

