Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

Baş səhifə

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti
Londonda Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, hazırlıq və
növbə çəkmə üzrə alt komitəsinin 12-ci sessiyasında ölkəmizi təmsil
edib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.

Bildirilib ki, tədbirdə Agentliyin Gəmi heyəti departamentinin
direktoru Səid Orucov və Təlim və sertifikatlaşma şöbəsinin aparıcı
mütəxəssisi Əhməd Lametov iştirak ediblər.

Beşgünlük sessiyanın əsas mövzusu “Dənizçilərin hazırlanmasına,
onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq
Konvensiyaya və onun məcəlləsinə edilmiş dəyişikliklərə həsr
olunub.

Nümayəndə heyəti tədbirdə fəal iştirak edərək daha əvvəl təqdim
olunan 3 təklifin əsaslandırılmasını həyata keçirib. Təkliflərdən
birinin gələcək sessiyalar çərçivəsində müzakirəsi barədə qərar
qəbul edilib, digər iki təklifin isə işçi qrup tərəfindən
müzakirəyə çıxarılaraq DHDNÇ Beynəlxalq Konvensiyaya əlavə olunması
məqsədəuyğun hesab edilib.




150-dən çox boşluğa dair 160-dan çox sənəd əsasında keçirilən
sessiya mühüm müzakirələrlə yadda qalıb. Hazırlanan layihələr
təsdiq üçün Beynəlxalq Dəniz Təşkilatının bu ilin may ayında
keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasına
təqdim ediləcək.

Həmçinin sessiya çərçivəsində rəqəmsallaşma və avtomatlaşdırma
proseslərinin sürətli inkişafı fonunda DHDNÇ Beynəlxalq
Konvensiyasında mövcud kompetensiya standartlarının aktuallığının
yenidən qiymətləndirilməsi məsələsi müzakirə olunub.

Bildirilib ki, müasir naviqasiya və idarəetmə sistemlərinin
geniş rəqəmsallaşdırılması şəraitində dənizçilərdən yalnız texniki
bilik və bacarıqlar deyil, habelə kiberrisklərin
müəyyənləşdirilməsi, qarşısının alınması və idarə olunması üzrə
səriştələr də tələb edilir.

Bu məqsədlə DHDNÇ Beynəlxalq Konvensiyasına kibertəhlükəsizlik
sahəsində müvafiq bilik, bacarıq və səriştələrə dair yeni
kompetensiya cədvəllərinin əlavə edilməsi təklif olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir