
Bakı. Trend:
2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakı
forumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant,
multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən,
müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm də
dünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinə
çatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkə
olduğunu bir daha təsdiqləyir. Çünki hər il keçirilən forumların
mövzularına diqqət yetirdikdə bu məsələlərin həmin dövrün
çağırışını özündə əks etdirdiyini aydın şəkildə görürük.
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda növbəti- XIII Qlobal
Bakı Forumu işə başlayıb. XIII Qlobal Bakı Forumunda dünyanın
müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən
fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT
strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlif
mövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilən
mövzulara diqqət yetirdikdə belə Azərbaycanın iqtisadi və xarici
siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Başqa
sözlə, xarici siyasətinin əsas prinsiplərindən biri kimi
əməkdaşlığa xüsusi önəm verən Azərbaycan ev sahibliyi etdiyi
tədbirlərin timsalında çoxtərəfliliyin tərəfdarı olduğunu, qlobal
problemlərin həllində birgə addımların atılmasının vacibliyini
nümayiş etdirir. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi
COP29-un nəticələri bu gün də müzakirə mövzusu kimi diqqətdədirsə,
bu, Azərbaycanın uğurlu və gələcəyə hədəflənən siyasətinin
nəticəsidir. Qlobal Bakı Forumu da qlobal problemlərin təhlili,
siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın
möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu
qazanıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev
forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan
digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə
yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Onu da
əlavə etdi ki, dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların
işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə
layiqdir. Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir.
Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni
səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin,
parlament spikerlərinin, tanınmış ictimai fiqurların,
diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti
nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir.
Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək
fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatını
daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
Builki forumun gündəliyi çox genişdir. Prezident İlham Əliyev bu
çağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə
məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet
olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə
mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy
göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və
sabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdə
birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman
bir nömrəli məsələ olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev Forumdakı
çıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs etdi. 30 illik
işğal, 44 günlük İkinci Qarabağ və bir günlük lokal antiterror
tədbirlərinin həyata keçirildiyi, həmçinin tarixi Zəfərimizin və
suverenliyimizin bərpasının yaratdığı reallıqlar dövrü geniş təhlil
edildi. Vurğulandı ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən
bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə
məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv
yanaşmasından əziyyət çəkirdi. Təxminən 30 il ərzində BMT
Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin
ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız
üzərində qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı
ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq.
Prezident İlham Əliyev qeyd etdi ki, əgər sülh yolu ilə həll üçün
bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin
tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək
zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha
sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da
müasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir. Ölkə özü güc
tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Millət vəkili bildirib ki, göründüyü kimi, XIII Qlobal Bakı
Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün
geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma
rolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslarda
müzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə,
ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə
töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış
edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir.
Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq
arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal
iştirakı bu tədbirin uğurlu nəticələr verməsini şərtləndirir.
Prezident İlham Əliyevin çıxışında Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il ev
sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka
dəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda
sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin
edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam
etdirəcəyik.
Vüqar Rəhimzadə beynəlxalq əməkdaşlıqda əsas rol oynayan
amillərdən biri kimi enerji təhlükəsizliyinin təminatından da bəhs
edərək, Azərbaycanın bu sahədə artan rolunu xüsusi vurğulayıb.
Bildirib ki, XIII Qlobal Bakı Forumunda diqqət göstərilən əsas
məsələlərdən biri məhz bu oldu. Azərbaycanın təşəbbüsü ilə həyata
keçirilən enerji layihələrinin həm iştirakçı, həm də digər
ölkələrin dayanıqlı inkişafına geniş imkanlar yaratdığı beynəlxalq
səviyyədə etiraf olunan reallıqlardandır. Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinə töhfələri davamlıdır. Buna əsas verən təbii
ki, malik olduğumuz iqtisadi potensialdan səmərəli istifadənin
təmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin
müqaviləsi”ndən başlanan yolun uğurlarını sadalamaqla bitməz.
Prezident İlham Əliyevin forumdakı çıxışında qeyd etdiyi kimi, bu
gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin
ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm
daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft
məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı
və ixracı ilə məşğuldur. Azərbaycan beynəlxalq bazarda etibarlı
neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə
davam edəcək.
Millət vəkili Azərbaycanın nəqliyyat imkanlarının genişliyindən
də bəhs edib. Bildirib ki, Azərbaycan nəqliyyat və logistika
infrastrukturuna böyük sərmayə yatırır. Bu gün ölkəmiz Şərq-Qərb və
Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Azərbaycan həm
Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və
investisiya yatıran yeganə ölkədir. Prezident İlham Əliyev forumda
bu məqamı da vurğuladı ki, Azərbaycan ərazisində hər iki dəhliz
üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə
biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə
vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat
artır. Hazırda Ermənistanla sülh əldə edildikdən sonra Orta
Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət
Ermənistan ərazisindən keçəcək. Ermənistan müstəqillik tarixində
ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki
hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı
nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin
potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan
verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün
qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, hər il
Qlobal Bakı Forumu mühüm uğurların təqdimatı, onların əsasında yeni
çağırışlarla tarixə yazılır. Azərbaycanın hər zaman sülhün,
təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımları
ilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərin
davamlılığına böyük inam yaradır. Düşünürük ki, XIII Qlobal Bakı
Forumu öz işini bir gündən sonra başa çatdırsa da, gündəmə
gətirilən məsələlər, gələcəklə bağlı səsləndirilən çağırışlar
növbəti foruma qədər geniş təhlil ediləcək, birgə səylər əsasında
mühüm uğurların əldə olunmasına yol açılacaq.

