
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri
tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət
göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama
aparılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və
sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış
təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma
qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı
müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün
olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı
təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu
kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən
dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş
aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh
şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun
aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

