
Bakı.Trend:
Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında
nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol
hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət
günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət
zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən
yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi,
diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı
olur.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
sürücülərə müraciətində deyilir.
Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən
həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik
tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız
inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin
formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən,
sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə
çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola
çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara
məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr
qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır
və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun
məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin
texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun
hərəkət etməsi vacibdir.

