
Bakı. Trend:
Bu gün Avropa İttifaqı struktur baxımından ABŞ-dən və Çindən
asılıdır.
Trend xəbər
verir ki, bunu Latviyanın eks prezidenti (2019–2023) Egils Levits
bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın
etikası” adlı panel müzakirələrində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, cəmiyyət və iqtisadiyyat rəqəmsal
texnologiyaya əsaslanır:
“Rəqəmsal infrastruktur neytral alət deyil, o, müəyyən
dəyərləri, ideologiyanı və özünəməxsus yanaşmaları əks etdirir.
Bunu nəzərə almaq vacibdir. Bu gün Avropa İttifaqının qarşısında üç
seçim var: ABŞ-dən uzunmüddətli asılılığı qəbul etmək və bununla
oliqarxların nəzarətinə razılıq vermək. Bu, etik və siyasi baxımdan
ciddi suallar doğurur.
Çinlə açıq əməkdaşlıq yaratmaq, çünki Çin kifayət qədər
əməkdaşlığa açıq bir ölkədir. Üçüncu seçim isə Avropanın öz
rəqəmsal gücünü yaratmaq və müstəqil texnoloji imkanlarını artırmaq
ola bilər”.
O qeyd edib ki, informasiya erasındakı layihələr bu məqsədlə
həyata keçirilə bilər:
“Avropa Parlamentinin mövqeyi də bu istiqamətdədir. Bu, o demək
deyil ki, Avropa dünyanı idarə etməlidir; sadəcə hüquqi çərçivədə
üstünlük verilən seçim budur. İnformasiya və iqtisadi
təhlükəsizlik, süni intellekt kimi vasitələrə malik olan tərəfin
əlində təmin oluna bilər. Hazırda ABŞ bu imkanlara sahibdir, Çin
isə avtoritar sistemdə fəaliyyət göstərir. Avropanın texniki
potensialı isə kifayət qədər böyükdür.
Bizə lazım olan odur ki, siyasi iradə göstərək və maliyyə
dəstəyi təmin edək. Digər məsələlərdə, rəqəmsal suverenliyə
gəldikdə və müqayisə aparıldıqda, Avropanın imkanları
genişləndirilməlidir. Sənaye siyasəti sərtləşdirilə bilər, lakin
Avropa İttifaqı səviyyəsində bu mövzuda fikir ayrılığı mövcuddur.
Amma biz görürük ki, bunu dəstəkləyənlərin sayı kifayət qədər
çoxdur”.

