
Bakı. Trend:
Azərbaycan əsas beynəlxalq məsələlərin müzakirəsi üçün platforma
təqdim etməklə mühüm qlobal rol oynayır.
Bunu Trend-ə
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifələrini
müvəqqəti icra edən İqor Qarafuliç bu gün Ümumdünya Şəhərsalma
Forumunun 13- sessiyasına (WUF13) həsr olunmuş brifinq çərçivəsində
deyib.
Onun sözlərinə görə, forumun keçirilməsi beynəlxalq ictimaiyyət
üçün böyük əhəmiyyət daşıyır, çünki bu tədbir şəhərlərin inkişafı
ilə bağlı ən aktual məsələlər üzrə dialoq üçün imkan yaradır.
“BMT sistemi üçün bu konfrans çox vacibdir, çünki o, bütün
dünyaya hər bir şəhər üçün prioritet hesab olunan məsələləri
müzakirə etmək imkanı yaradır. Bu gün bir çox mühüm problemlər –
məşğulluq, mənzil təminatı, layiqli əmək fəaliyyəti birbaşa
şəhərlərin inkişafı ilə bağlıdır”, – deyə o qeyd edib.
Qarafuliç vurğulayıb ki, mövcud şəraitdə beynəlxalq dialoq üçün
platformaların qorunub saxlanılması xüsusilə vacibdir.
“Dünyanın hazırda müharibələrdən daha çox danışıqlara ehtiyacı
var”, – o bildirib.
O, həmçinin Azərbaycanın qlobal gündəliyin təşviqində rolunu
qeyd edərək ölkənin artıq iri beynəlxalq tədbirlərə ev sahibliyi
etdiyini xatırladıb.
“Bu, birdəfəlik təşəbbüs deyil. Azərbaycan artıq COP29-a ev
sahibliyi edib və mən Ümumdünya Forumunun keçirilməsini – mühüm
qlobal məsələlərin müzakirəsi üçün məkan təqdim etmək baxımından –
bu işin davamı kimi qiymətləndirirəm. Buna görə də Azərbaycan
beynəlxalq arenada həqiqətən mühüm rol oynayır”, – deyə Qarafuliç
əlavə edib.

