
Bakı. Trend:
Tehranda İranın mərhum Ali Rəhbərinə məxsus təyyarə Israil
ordusu tərəfindən məhv edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin
(IDF) sosial şəbəkə hesabında dərc olunan açıqlamada
bildirilir.
“İsrail Müdafiə Qüvvələri Tehranın Mehrabad hava limanında
İranın terror rejiminin ali rəhbərinin istifadə etdiyi təyyarəyə
dəqiq zərbə endirib və onu məhv edib”, – deyə IDF-dən
bildirilib.
Məlumata görə, həmin təyyarə İranın həlak olmuş Ali Rəhbəri Əli
Xamenei, digər yüksək vəzifəli şəxslər və İran hərbçiləri
tərəfindən “hərbi satınalmaların təşviqi və ox ölkələri ilə
koordinasiyanın təmin edilməsi” məqsədilə istifadə olunurdu.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

