
Bakı. Trend:
Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan
cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər – Polad
Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir
olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə
olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə
ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial
şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777”
adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları
qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron
sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları
və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev,
S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb
olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilib.
Bir daha vətəndaşları internet resursları, eləcə də sosial
şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar
oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar
əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə
istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə
itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə
lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı,
sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc”
vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə
polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi
təhlükəsizliyinizin əsas şərtidir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla
Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn
qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı
əməliyyat-texniki tədbirləri davam etdirir.

