
Bakı. Trend:
28 fevraldan etibarən ABŞ və İsrailin İrana hərbi hava hücumları
nəticəsində 61 mindən çox mənzil və ticarət obyektinə ziyan
dəyib.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Tehran vilayətində təxminən 18,2 min ,
ölkənin digər vilayətlərində isə 34,5 min mənzil və ticarət
obyektinə ziyan dəyib.
Mohacerani deyib ki, müharibə başladıqdan bəri İranda 226 qadın
ölüb, 3 mindən çox qadın yaralanıb. 18 yaşdan aşağı ölənlərin sayı
204 nəfər təşkil edib. Eyni zamanda əhiyyə xidmətinin 17 əməkdaşı,
206 müəllim və şagird ölənlər, 154 nəfər isə yaralılar
arasındadır.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

