
Bakı. Trend:
Martın 16-da Azərbaycan Respublikasının maliyyə naziri, Qara
Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri
Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat
Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend xəbər verir ki, bu
barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud
vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir Sahil Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına və
Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə
verdiyi töhfələri yüksək qiymətləndirib. Azərbaycanın QDTİB-nin
təsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafını
dəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətə
başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi
layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun
gücləndirilməsinə töhfə verib.
Eyni zamanda bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada
istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəl
sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə
Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.
Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırki sədrliyi
də diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıda
keçiriləcək növbəti illik toplantısının regional maliyyə
əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm
platforma olacağı vurğulanıb.
Öz növbəsində, S.Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün
mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən
iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya
mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar
yaratdığını bildirib. O, gələcək əməkdaşlıq çərçivəsində özəl
sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və
maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və
nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı
inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin
dəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsində
maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı həmçinin, Bankın abunə kapitalının artırılması
prosesində Azərbaycanın iştirakı, Bankın idarəetmə strukturunda üzv
ölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması,
eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası
maliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regional
əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda
layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması,
investisiyaların və zəmanətlərin verilməsində və ticarətin
maliyyələşdirilməsində iştirak edir.

