
Bakı. Trend:
İlaxır çərşənbə Boz ayın dördüncü və sonuncu çərşənbəsidir. Bu
çərşənbə (Torpaq çərşənbəsi) Novruzun sonuncu və ən mühüm
müjdəçisidir, torpağın oyanışı, bərəkət və canlanma rəmzidir.
İlaxır çərşənbə bəzi bölgələrdə Yel çərşənbəsi, bəzilərində isə
Torpaq çərşənbəsi kimi qeyd edilir. Bu gün az qala Novruz bayramı
qədər təntənəli şəkildə keçirilir. Hətta bəzi bölgələrdə İlaxır
çərşənbə bayramdan daha böyük coşqu ilə qeyd olunur.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında folklorşünas Aynur Qəzənfərqızı
bildirib ki, bu çərşənbədə xalq tonqal qalayır və ötən ilin
qada-bəlasını tonqalın üzərindən tullanaraq “yandırdığına”
inanır.
Folklorşünasın sözlərinə görə, İlaxır çərşənbənin adətlərindən
biri də lopa yandırmaqdır:
“Bu ənənə bu gün demək olar ki, unudulsa da, qədim adətlərdən
hesab edilir. Tonqal bir il ərzində baş verən qada-bəlanın
yandırılmasını, lopa isə həftənin yeddi gününü simvollaşdırır”.
Aynur Qəzənfərqızı bayram süfrələrinin bəzədilməsindən də
danışıb:
“İlaxır çərşənbə süfrəsində mütləq səməni olmalı və müxtəlif
şirniyyatlar düzülməlidir. Qərb bölgələrində bu gün üçün xüsusi
olaraq qatlama adlı şirniyyat hazırlanır. Şərq bölgələrində isə
şəkərbura, paxlava və qoğal bişirilir. Bu şirniyyatlar artıq
Azərbaycanın bütün bölgələrində yayılıb.
Bayram süfrəsində plov da mütləq olmalıdır. Bundan əlavə,
süfrəyə quru meyvələr qoyulur. Quru meyvələr ruzi-bərəkət və
bolluğun rəmzi sayılır”.
İlaxır çərşənbənin özünəxas ritualları da var. Folklorşünas
onların bəzilərini sadalayıb:
“İlaxır çərşənbə günü səhər erkəndən və axşamüstü evlərə təmiz
su çilənməsi adəti var. Şər qarışanda evdəki dolabların və
fırınların qapısı açılır və təxminən 15–20 dəqiqə açıq
saxlanılır.
Bu gün insanların təmiz və yeni geyimlər geyinməsi, xoş sözlər
danışması tövsiyə edilir. Çünki İlaxır çərşənbə axşamı xalq
arasında qapıpusma adəti həyata keçirilir.
Qapıpusma adəti
Qapıpusma zamanı uşaqlar və gənclər qapılara papaq atırlar.
Atılan papaqları boş qaytarmaq olmaz. İmkan daxilində papağa
şirniyyat və ya başqa pay qoyulmalıdır. Papağı doldurub geri
qaytarmaq bolluq və bərəkət gətirdiyinə inanılır.
İnanclara görə, bu gecə evdə hansı sözlər danışılırsa, ilin
qalan hissəsi də həmin abu-havada keçir. Qapıpusma adətinin
mahiyyəti də məhz bu düşüncə ilə bağlıdır”.
Cərşənbənin ən vacib elementi – Vəsfi-hal
falı
“Bəzi bölgələrdə İlaxır çərşənbə axşamı vəsfi-hal mərasimi
keçirilir. Bu, bir növ fal ənənəsidir. Bir kasaya su doldurulur və
qadınlar öz zinət əşyalarını suya ataraq dilək tuturlar. Daha sonra
bir bayatı söylənilir və bayatını deyən qadın kasadan bir zinət
əşyası çıxarır.
Kasadan çıxan əşya kimə məxsusdursa, həmin bayatı o qadının
qarşıdakı bir ildə yaşayacaqlarını simvolizə etdiyi kimi
yozulur”.
Digər bayram adətləri:
“İlaxır çərşənbədə yumurta döyüşdürmək də geniş yayılmış
adətlərdən biridir. Bundan əlavə, subay qızlar müxtəlif fal
növlərinə – üzük falı və duzlu kökə falına baxırlar.
Unudulmuş adətlərdən biri də qurşaq sallamaqdır. Bu adət sonralar
papaqatma ilə eyni məna kəsb etməyə başlayıb”.
Aynur Qəzənfərqızı İlaxır çərşənbədə təbiətdə baş verən
dəyişikliklərə də diqqət çəkib:
“İlaxır çərşənbə həm də təbiətdə dəyişikliklərin hiss olunduğu bir
dövrə təsadüf edir. Bu günlərdə havanın tez-tez sərt və küləkli
olması müşahidə olunur ki, bu da yazın gəlişinin əlamətlərindən
sayılır”.
Barış və birlik ənənəsi
“İlaxır çərşənbədə küsülü insanların barışması vacib hesab
olunur. Qədim Şumer mətnlərində də yeni il bayramı zamanı
insanların barışdığı, birlikdə şənlik etdiyi qeyd olunur.
İnsan tək qaldıqca depressiyaya meylli olur, çünki insana insan
lazımdır. Buna görə də bayram günlərini birlikdə, şənlik və sevinc
içində qeyd etmək böyük əhəmiyyət daşıyır”.
Çərşənbəniz mübarək!

