
Bakı. Trend:
UNEC ali təhsil sistemində və məzunların əmək bazarına
inteqrasiyasında mühüm yeniliyə imza atıb.
Universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan
“Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və bu
təşəbbüs ölkəmizdə, eyni zamanda regionda ilk dəfə tətbiq
ediləcək.
Məlumdur ki, dünyanın aparıcı universitetlərində məzunlara
əsasən onların ixtisas biliklərini əks etdirən akademik
transkriptlər təqdim olunur. Lakin müasir əmək bazarının tələbləri
göstərir ki, yalnız nəzəri biliklər kifayət etmir. İşəgötürənlər
namizədlərin fərdi bacarıqlarını – liderlik, ünsiyyət, komanda ilə
işləmə və problem həlletmə kimi “soft skills”lərini də
qiymətləndirməyə üstünlük verirlər.
Məhz bu ehtiyacdan çıxış edərək UNEC tərəfindən hazırlanmış
“Qeyri-akademik transkript” məzunların universitet həyatı boyunca
qazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildə
təsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayından
isə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmi
imtahanlara start veriləcək.
Qiymətləndirmə prosesi 10 əsas meyar üzrə aparılacaq. Bu
meyarlara liderlik, komanda ilə işləmə, analitik düşünmə, problem
həlletmə, kreativlik, sosial məsuliyyət və digər mühüm
kompetensiyalar daxildir. İmtahan nəticəsində tələbələrin fərdi
bacarıqları obyektiv meyarlarla ölçüləcək və rəsmi sənəd şəklində
təsdiqlənəcək. Bu sənəd iş dünyasında namizədlərin potensialını
daha obyektiv qiymətləndirməyə imkan verəcək və UNEC məzunlarının
rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

