
Bakı. Trend:
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi
qulluqçularla bağlanan ilkin bağlaşma müddəti azaldılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq
həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə
uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud
praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Vurğulanıb ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Qanuna əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi
xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən
edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də də
nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi
xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət
keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa
vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən
birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə
görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada
çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin
bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən
uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan
əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən
vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr
sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq qanun layihəsində qadınlarla
bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını
nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma
imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi
xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət
edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

