
Bakı. Trend:
Yerin təkindən istifadənin növlərinin siyahısı
genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlarda
toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və
ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan
süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına
daxil ediləcək.
Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması,
əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının
yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və
sututarların təmizlənməsi nəzərdə tutulur.
Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum,
qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi
dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması
çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən
süxurların çıxarılması ilə nəticələnir.
Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının
yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın
təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət
edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

