İsrail Laricanini hədəf aldı

Baş səhifə

Bakı. Trend:

İsrail rəsmilərinin məlumatına görə, İsrail hava qüvvələri gecə
ərzində İranda həyata keçirdiyi aviareydlərin birində İranın yüksək
rütbəli məmuru – ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi
Əli Laricanini hədəfə alıb.

Trend bu haqda
“Times of Israel”ə istinadən xəbər verir.

Laricaninin bu zərbə nəticəsində həlak olub-olmadığı və ya
yaralanıb-yaralanmadığı dəqiq məlum deyil.

Eyni zamanda nəşrin müdafiə qüvvələrindən olan mənbələrə
istinadən verdiyi məlumata görə, IDF (İsrail Müdafiə Qüvvələri) son
hava zərbələrində “Fələstin İslam Cihadı” hərəkatının lideri Əkrəm
əl-Əcuri və hərəkata aid digər yüksək vəzifəli şəxslər hədəfə
alınıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi,
general-leytenant Eyal Zamir bu səhər keçirilən iclasda konkret
adlar çəkməsə də, bildirib ki, gecə ərzində həyata keçirilən
zərbələrdən sonra mühüm nəticələr qeydə alınıb və bu nəticələr
hərbi kampaniyanın nailiyyətlərinə və İsrail Müdafiə Qüvvələrinin
missiyasına təsir göstərə bilər




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir