
Bakı. Trend:
İranda Müctəba Xameneinin yeni ali lideri kimi seçilməsində
həlledici rolu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində
yüksək vəzifəli komandirlər qrupu oynayıb. Həmin şəxslər onilliklər
ərzində onun mərhum atası, ayətullah Əli Xameneinin rəhbərliyi
altında fəaliyyət göstəriblər.
Trend xəbər verir
ki, bu barədə “The New York Times” yazır.
Amerika nəşrinin ətraflı hesabatına görə, öldürülmüş ayətullahın
oğlunun hakimiyyətə gəlməsini təmin edən əsas fiqurlar bunlar
olub:
- Əhməd Vahidi (SEPAH-ın de-fakto baş komandanı);
- Məhəmməd Əli Cəfəri (SEPAH-ın keçmiş baş komandanı)
- Hüseyn Taeb; (SEPAH-ın kəşfiyyat bölməsinin keçmiş
rəhbəri) - Məhəmməd Baqir Qalibaf (SEPAH-ın keçmiş komandiri, parlament
spikeri).
SEPAH-ın “köhnə qvardiyası”nı təmsil edən bu şəxslər ABŞ və
İsraillə sərt qarşıdurmanın davam etdirilməsini dəstəkləyən
“şahinlər” düşərgəsinin kampaniyasına rəhbərlik ediblər. Onların
əsas məqsədi hakimiyyəti siyasi elitanın ən radikal qanadının
əlində saxlamaq və bu məqsədlə Müctəba Xameneiyə üstünlük vermək
olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

