
Bakı. Trend:
İnternet informasiya ehtiyatı və ya
informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən
informasiyaların əhatə dairəsi genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, internet informasiya ehtiyatının və
onun domen adının sahibi və ya informasiya-telekommunikasiya
şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında
(informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması
qadağan edilən informasiyanın yerləşdirilməsinə yol
verməməlidir:
- şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən
istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi
proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən,
yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə
hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya
audio materiallar;
Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto,
video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə
texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə
göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

