Tenderlərdə süni intellektdən istifadə edilməsi təklif olunur

Baş səhifə

Bakı. Trend:

Rəqəmsallaşma sadəcə müxtəlif dövlət proqramları üzrə nəzarətin
gücləndirilməsini deyil, eləcə də dövlət satınalamları daxil
olmaqla büdcə vəsaitlərindən istifadə qərarların elektronlaşmasına
imkan yaradır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Cinayət
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin
müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda süni intelektdən daha
yaxından istifadə hazırda iqtisadi siyasətin prioritet
istiqamətlərindəndir:

“Bu gün müzakirə etdiyimiz qanun layihəsinin konseptual
istiqamətlərinə uyğun olaraq dövlət satınalmalarında süni intellekt
imkanlarından istifadə edilməsi şəffaflığın daha da artırılmasına
xidmət edərdi. Həm tender nəticələrinin qiymətləndirilməsində, həm
də ehtimal olunan qiymətin hesablanması mexanizminin
təkmilləşdirilməsində süni intelektdən istifadə məqsədəuyğun
olardı”.




Deputat xatırladıb ki, Hesablama Palatasının məlumatına əsasən,
rəqabətli satınalmaların 43,1 faizində müqavilə məbləği ehtimal
olunan qiymətdən 20 % və daha çox fərqlənib:

“Ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərqin böyük
olması isə dövlət satınalmalarında səmərəliliyin və şəffaflığın
daha da gücləndirilməsi məsələlərini aktuallaşdırır. Süni
intelektdən istifadə həm tender qərarlarının qəbulunda kənar
intervensiyaların və eləcə də subyektiv mülahizələrin
minimumlaşdırılmasında, həm də ehtimal olunan qiymət ilə müqavilə
qiyməti arasındakı fərqin azalmasına və dövlət vəsaitlərindən daha
səmərəli istifadəyə imkan yarada bilər”.

V.Bayramov əlavə edib ki, qanun layihəsində təyinatı üzrə
istifadə məsələlərinə dövlətə məxsus hüquqi şəxslərin vəsaitindən
istifadə də əlavə edilir.

“Daha yaxşı olardı ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəyə
publik hüquqi şəxslərə ayrılan vəsait də əlavə edilsin. 2025-ci
ildə publik hüquqi şəxslərə 1 milyard 163 milyon manat ayrılması
nəzərdə tutulub, bu il isə 895,2 milyon manat ayırlacağı
gözlənilir. Göründüyü kimi, söhbət kifayət qədər böyük rəqəmlərdən
gedir. Bu baxımdan, publik hüquqi şəxslərin dövlət vəsaitlərindən
istifadədə səmərəlilik və şəffaflığın gücləndirilməsi fiskal
baxımdan da xüsusi əhəmiyyət daşıyır”, – deyə o fikrini
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir