
Bakı. Trend:
İsrail Səhiyyə Nazirliyi İran və Hizbullahla (Livan) gedən
münaqişə nəticəsində son 24 saat ərzində 70 nəfərin yaralı
vəziyyətdə xəstəxanalara təxliyə olunduğunu bildirib.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
Məlumata görə, yaralılardan dördünün vəziyyəti orta-ağırdır.
Doqquz nəfərə təşvişlə bağlı psixoloji yardım göstərilir.
Nazirlik bildirir ki, fevralın 28-də İranla müharibənin
başlanmasından bəri ümumilikdə 3 530 nəfər xəstəxanalara
yerləşdirilib, onlardan 86 nəfəri hazırda xəstəxanadadır.
Xəstəxanada olanlardan səkkiz nəfərin vəziyyəti ağır, 16 nəfərin
vəziyyəti orta ağır, 60 nəfərin isə vəziyyəti qənaətbəxşdir.
Nazirliyin təqdim etdiyi rəqəmlərə həm mülki şəxslər, həm də
hərbçilər daxildir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

