
Bakı.Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə
təqdim edilən məsələlərdən biri də dövlət büdcəsi, məqsədli büdcə
fondları, büdcədənkənar dövlət fondlarından ayrılan vəsaitin
təyinatı üzrə istifadə edilməməsi zamanı büdcə intizamı, dövlət
maliyyə maraqlarını pozan münasibətləri nəzərdə tutulub.
Deputat Əminə Ağazadə bununla bağlı Qanunda nəzərdə tutulan
dəyişklikləri təqdim edib.
Belə ki, təqdim edilən layihələrə əsasən dövlət orqanları,
habelə anlayışı layihədə verilən hüquqi şəxslər tərəfindən
təyinatından kənar istifadə olunan vəsaitin məbləği 50 min manata
qədər olduqda inzibati xəta kimi nəzərdə tutulması bu məbləğdən
yuxarı olduqda isə, yəni xeyli miqdarda törədildikdə bu əməllərin
cinayət məsuliyyətinə səbəb olması təklif edilir.
Dəyişikliyə əsasən qüvvədə olan qanunvericiliyin mətnindən
fərqli olaraq həm İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə,
həm də Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin adına “dövlətə
məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilməklə onlara
ayrılan vəsaitin də təyinatından kənar istifadə edilməsinin
sanksiyalaşdırılması təklif edilir.
Bildiyimiz kimi CM-nin 308-1-ci maddəsi Məcəlləyə 2016-cı ildə
qəbul edimişdir. Bu cinayətin obyekti dövlət büdcəsinin, məqsədli
büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının
vəsaitindən istifadə sahəsində yaranan, büdcə intizamı və dövlət
maliyyə maraqlarını qoruyan ictimai münasibətlərdir. Bu maddənin
qəbulundan 10 il keçib və bu müddət ərzində dövlətə məxsus olan
hüquqi şəxslərin, publik hüquqi şəxslərin dairəsi də kifayət qədər
genişlənmişdir.
Bununla belə son illərdə dövlət maliyyəsinin səmərəli idarə
edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında dövlət
başçısı tərəfindən qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar
(29 dekabr 2025-ci il və 25 avqust 2025-ci il tarixli Fərmanlar) və
aparılmış institutsional islahatlar (hüquqi şəxslərin birləşməsi,
yenidən təşkil edilmə, optimallaşma siyasəti) dövlətə məxsus olan
hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadəsinə nəzarəti
artırmışdır.
Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi
şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və
proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin
monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları da təsdiq
edilmişdir.
Qeyd edilənlərin məntiqi davamı olaraq AR Prezidenti tərəfindən
qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsində
cəza siyasətinin məqsədi, dövlətə məxsus olan hüquqi şəxslərə də
ayrılan vəsaiti qanunsuz istifadə edildikdə cinayətin və inzibati
xətanın predmeti dairəsinə əlavə etməkdən ibarətdir.
CM-nə təklif edilən dəyişikliklərə görə cərimə cəzasının konkret
məbləğlə deyil, birbaşa vurulan zərərlə əlaqələndirilməsi və
təyinatından kənar istifadə olunan vəsaitin yüz faizi miqdarında
müəyyən edilməsi təklif edilir. Eyni zamanda külli miqdarda
törədilən cinayət əməllərinə görə cəzaların dairəsinə “üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir.
Hər iki məcəlləyə edilən dəyişikliyə görə qanunvericilikdə
nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxsin müvafiq məsuliyyətə
səbəb olmuş vəsaiti tamamilə ödədiyi halda məsuliyyətdən azad
olunmasının təklif edilməsi də hesab edirəm ki, dövlətin humanizm
siyasətinin nümunəsi kimi nəzərdə tutulur.

