
Bakı. Trend:
Barselonada keçirilən “Mobile World Congress” (MWC) qlobal
rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini bir
araya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin
inkişafına təsir edən əsas mövzuların müzakirəsi, innovativ
texnoloji həllərin təqdimatı və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
“MWC Barcelona 2026” çərçivəsində keçirilən sessiyalarda
inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimi
aktual mövzular diqqət mərkəzində olub.
Konqresdə çıxış edən “Azercell Telekom” MMC-nin İnsan Kapitalı
üzrə Baş direktoru Dilarə Hüseynova texnologiya sektorunda daha
inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətini
vurğulayıb:
“Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan
şirkət olaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin
əsas istiqamətlərindən biridir”.
D. Hüseynova “Azercell”in yeni nəsil qadın İKT mütəxəssislərinin
və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinə
yönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki,
şirkət bu istiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli
yanaşma tətbiq edir və qızların texnologiya sahəsinə marağının
erkən yaşlardan formalaşdırılmasına xüsusi önəm verir.
D. Hüseynova şirkətin həyata keçirdiyi bir sıra sosial layihələr
barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldə olunan geniş
təcrübəni bölüşüb. “Azercell”in qızlardan ibarət milli komandanın
Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək
və “Uğur qızlarımızındır” təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni
zamanda, qadınların rəqəmsal və biznes bacarıqlarının
gücləndirilməsinə yönəlmiş “Qadınlara dəstək” sosial layihəsi
çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq da
iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, “Azercell Telekom” MMC Beynəlxalq GSM
Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif
istiqamətlərdə əməkdaşlıq edir. Şirkət GSMA və rəqəmsal dövrdə
gender bərabərliyinin təşviqinə yönəlmiş EQUALS Gender İnklüzivlik
İndeksinin pilot mərhələsində iştirak edərək həyata keçməsinə öz
töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyin
təşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha
inklüziv yanaşmaların formalaşdırılmasına yönəlib.

