Məktəblərdə musiqi və incəsənət otaqları yaradılmalı, mədəniyyət tarixi tədris edilməlidir – Elçin Mirzəbəyli

Baş səhifə

Bakı. Trend:

Musiqi məktəblərinin mövcudluğuna və fəaliyyətinə hansı
kontekstdən yanaşdığımız vacibdir. Bu müəssisələri peşəkar
mütəxəssislərin hazırlanması prosesinin bir hissəsi kimi görürüksə,
bu, tamamilə fərqli yanaşma tələb edir. Məqsəd Azərbaycan
vətəndaşlarının musiqi zövqünün formalaşdırılmasıdırsa, bu zaman
yanaşma yenə fərqli olmalıdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin
Mirzəbəyli komitədə keçirilən “İncəsənət məktəblərinin mövcud
vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə
deyib.

Millət vəkili bildirib ki, musiqi zövqünün formalaşdırılması
kompleks bir prosesdir və bu artıq orta məktəblərdə də sistemli
şəkildə həyata keçirilməlidir:

“Orta məktəblərdə musiqi və rəsm dərsləri formal çərçivədən
çıxarılmalı, daha geniş və məzmunlu şəkildə tədris olunmalıdır. Bu,
şagirdlərin ümumi dünyagörüşünün və mədəni zövqünün formalaşmasında
mühüm rol oynayır. Çünki musiqi zövqünün olmadığı və ya zəiflədiyi
hallarda cəmiyyətdə baş verən proseslərin təsirini açıq şəkildə
müşahidə edirik. Bu baxımdan gələcəkdə məktəblərdə musiqi
otaqlarının, ümumilikdə isə mədəniyyət və incəsənət otaqlarının
yaradılması məqsədəuyğun olardı. Bu məkanlarda yalnız musiqi və
rəsm deyil, incəsənətin digər sahələri ilə bağlı dərslərin də
tədrisi həyata keçirilə bilər. Eyni zamanda, Azərbaycan tarixinin
tərkib hissəsi kimi mədəniyyət tarixinin orta məktəblərdə tədrisi
də milli identikliyin qorunması baxımından vacib amillərdən
biridir”.

Deputat vurğulayıb ki, o, sertifikatlaşma və attestasiya
prosesində iştirak edib və bu prosesdə şəffaflığın necə təmin
olunduğunun şahidi olub:




“Bu yanaşma tamamilə doğrudur. Çünki ikili yanaşma var. Biz
nəticə etibarilə nə istəyirik? Gələcəyimizə sosial yanaşma tərzi
ortaya qoyuruq, gələcəyimizin işıqlı olmasını istəyirik. Əgər
attestasiya, sertifikatlaşdırma prosesinə insanların sosial
problemlərinin həlli kontekstində yanaşsaq, o zaman gələcəyimizi
şikəst edərik. Bu kimi məsələlərdə qətiyyən güzəştə yol vermək
olmaz”.

E.Mirzəbəyli sonra mədəniyyət naziri və bütövlükdə nazirliyə
teatrların idarəetmə sistemində həyata keçirilən tənzimləmələrə
görə təşəkkürünü bildirib:

“Çünki xırda avtoritetlərin hökm sürdüyü mühitdə heç vaxt
yaradıcı atmosfer formalaşmır. Atmosferi təmizləmək, pəncərələri
açmaq lazımdır. İslahatlar elə “pəncərələrin açılması”, “havanın
dəyişməsi”ndən başlayır”.

Mədəniyyət naziri Adil Kərimli Elçin Mirzəbəylinin çıxışına
cavab olaraq bildirib ki, mədəniyyət, xüsusilə incəsənət sahəsində
təhsilin konseptual yanaşması aydın şəkildə
müəyyənləşdirilməlidir:

“Hazırda sistemimizdə fəaliyyət göstərən musiqi, incəsənət və
aşıq məktəbləri vahid şəkildə birləşdirilərək “incəsənət
məktəbləri” adı altında təqdim olunur. Bu səbəbdən, mən də bu ümumi
termini istifadə edərək bütün bu istiqamətləri nəzərdə tuturam.
Burada əsas yanaşma ondan ibarətdir ki, bu təhsil müəssisələrinə
peşəkar sahə üçün ilkin hazırlıq mərhələsi kimi baxılır. Eyni
zamanda, dərnək formatında vətəndaşların musiqi və estetik zövqünün
formalaşdırılması, onların bu sahədə ümumi və universal
biliklərinin inkişaf etdirilməsi istiqamətində ayrıca kurikulumlar
da müəyyən edilir. Bu proses çərçivəsində Elm və Təhsil Nazirliyi
ilə birgə əməkdaşlıq edilərək orta məktəblərdə incəsənət fənlərinin
tədrisinə də xüsusi önəm verilməsi nəzərdə tutulur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir