
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İran və İsrailə ixrac olunan məhsulların dəyəri azalıb, idxal isə əksinə artıb. Birləmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həm ixrac, həm də idxalda artım müşahidə olunub.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı araşdırmaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın İrana ixracı 2 milyon 374 min ABŞ dolları təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,15% azalıb. İdxal olunan məhsullarının dəyəri isə 13,1% artaraq 115 milyon 272 min ABŞ dollarına çatıb.
Cari ilin ilk iki ayında Azərbaycandan İsrailə 3 milyon 308 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 67,3% azalma deməkdir. Əvəzində, İsraildən Azərbaycana idxal 2,6 dəfə artaraq 7 milyon 635 min ABŞ dollarına yüksəlib.
Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətdə artan dinamika müşahidə edilib. Belə ki, hesabat dövründə Azərbaycandan BƏƏ-yə 12 milyon 408 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 22,9% çoxdur. BƏƏ-dən idxal isə 2,1 dəfə artaraq 16 milyon 993 min ABŞ dollarına çatıb.

