
Bakı. Trend:
Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə
yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir.
Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən
məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1–2
kiçik ara qəbul formasında qidalanmaqdır.
Trend xəbər verir ki, bu
fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, səhər yeməyi mütləq bərpa edilməli, günün
ilk yarısında zülal və lif üstünlük təşkil etməlidir (yumurta,
qatıq, pendir, yulaf, tam taxıl çörəyi, tərəvəz və meyvə uyğun
seçimlərdir): “Bayram süfrəsində yağlı plov, qovurma, kabab, dolma
və şirniyyatın eyni oturuşda çox miqdarda qəbulu mədə boşalmasını
ləngidir və xüsusən reflüks, dispepsiya, öd daşı, pankreatitə meyli
olan şəxslərdə narahatlıq yarada bilər. Buna görə, ilk növbədə
az-az prinsipi “hamısından bir boşqab” prinsipindən xeyli
təhlükəsizdir. Yeməyə şorba, salat, qatıq və ya yüngül zülal
mənbəyi ilə başlamaq, sonradan şirniyyat və xəmir yeməklərinin
miqdarını təbii olaraq azalda bilər.
Digər vacib məqam mayedir. Ramazandan sonra birdən-birə çox çay,
qazlı içki və şirin şərbət içmək susuzluğu daha da artıra bilər.
Gün ərzində su qəbulu mərhələli artırılmalı, çox şəkərli içkilər
isə əsas maye mənbəyi kimi seçilməməlidir. Axşam saatlarında çox
ağır yeməkdən sonra dərhal uzanmaq da reflüks və həzm pozğunluğunu
artırır; yeməkdən sonra qısa gəzinti daha faydalıdır”.
Mütəxəssis-ekspert bildirib ki, qastroezofageal reflüks
xəstəliyi, xroniki qastrit, peptik xora, funksional dispepsiya,
irritabl bağırsaq sindromu, öd kisəsi daşı, şəkərli diabet,
piylənmə və qaraciyər yağlanması olan şəxslər üçün bayramda çox
yemək çox vaxt simptomların alovlanması ilə nəticələnir: “Bu qrupda
porsiyanın kiçik saxlanması, şirniyyatın əsas yeməyin üzərinə
deyil, ayrıca və az miqdarda qəbulu, həmçinin gecə yeməyinin
yüngülləşdirilməsi daha məqsədəuyğundur. Qıcqırma, döşarxası yanma,
köp, sağ qabırğaaltı ağrı və ya ürəkbulanma yaranırsa, bu artıq
“bayram norması” deyil”.

