Xaçmazda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
baharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə şənlik
təşkil olunub.

Tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər Parkında keçirilib.

Park ərazisi bayram ab-havasına bürünərək milli ornamentlər və
Novruz atributları ilə bəzədilib. Tədbirdə Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar
Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri
Məhəmməd Balaqadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri,
müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid
ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Şənlikdə qonaqları Bahar qızı və Dədə Qorqud qarşılayıb. Ardınca
ənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar və
oğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdə
milli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçaları
nümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarla
yumurta döyüşdürüb, uşaqlara bayram əhval-ruhiyyəsi bəxş
ediblər.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri bayram
münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah
arzulayıb.

El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı
nümunələri, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stendlər
nümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsal
olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində
milli mətbəximizin ləziz təamlarından dadıblar.

Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqla
qarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş
konsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələri
səsləndirilib.

Tədbirdə əsl bayram ab-havası yaşanıb, xaçmazlılar yüksək
əhval-ruhiyyə ilə Novruzun gəlişini qeyd ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir