
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında xarici maliyyə mənbələrindən
əsas kapitala 654,8 milyon manat məbləğində investisiya
yatırılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründəki
göstərici ilə müqayisədə 10,1 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların
598,8 milyon manatı neft-qaz sektoru, 56 milyon manatı isə
qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin
yanvar-fevral aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə
mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına
yönəldilmiş investisiyaların həcmi 54,4 faiz artıb, qeyri-neft-qaz
sektoru üzrə isə 73 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz
çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub. Ümumi
sərmayənin 1,434 milyard manatı və ya 58,9 faizi məhsul istehsalı
sahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin,
207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinin
payına düşüb.
Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlət
sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun
53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili
mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi
sərmayənin 73,1 faizini təşkil edib.

