
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 20,4 milyon ABŞ dolları dəyərində yerli məhsul tədarük edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan məhsullarının idxalını 6,3% artırıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,1% payla qonşu ölkənin yerli məhsul üzrə ixrac tərəfdaşlarının ilk onluğunda yeddinci olub.
Yanvar-fevralda Gürcüstandan ümumilikdə 1,03 milyard ABŞ dolları dəyərində yerli məhsul ixrac edilib ki, bu da illik nisbətdə 22,9% çoxdur. İxraca ən çox yönəldilən yerli məhsulların ilk onluğuna qiymətli metal filizləri və konsentratları, neft və neft yağları, qoz-fındıq, ferroərintilər, təzə üzüm şərabı, mis filizləri və konsentratları, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, spirtli içkilər, qızıl, şəkər əlavə edilmiş mineral və qazlı sular daxil olub.

