Dövlət qulluğunda əməkhaqqı sistemində yeni model tətbiq ediləcək, maaşlar artırılacaq – Şərh

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dövlət qulluğu sistemində yeni əməkhaqqı modelinin
tətbiqi hazırda dövlət orqanlarında idarəetmə sisteminin
təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatların tərkib
hissəsidir.

Bunu Trend
açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın
İcraiyyə Komitəsinin (İK) sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvü Sahib Məmmədov
deyib.

S.Məmmədov xatırladıb ki, indiyədək qüvvədə olan “Dövlət qulluğu
haqqında” Qanuna görə, dövlət qulluqçularının əməkhaqqı fondunun
tərkibi bir neçə hissədən ibarət idi:

“Dövlət qulluqçularının maaşının tərkibi əməkhaqqından,
əlavələrdən və mükafatlardan ibarət idi. Əlavələr özü də bir neçə
yerə bölünür. Staja görə əlavə almaq üçün gərək qulluqçunun müəyyən
müddət təcrübəsi ola. Dövlət səlahiyyətlərini yerinə yetirməyə görə
əlavələr də hamıya aid deyildi”.

İK-nın sədri vurğulayıb ki, artıq yeni qanunla bütün bunlar ləğv
edilir:




“Onun əvəzinə vahid, sabit əməkhaqqı sisteminə keçilir. Əlavələr
müəyyən şəkildə əməkhaqqının tərkibinə daxil edilir, əməkhaqqı
artırılır. Bununla da vahid, sabit əməkhaqqı ödənişi həyata
keçiriləcək”.

İctimai şuranın üzvü əlavə edib ki, bunun müxtəlif müsbət
tərəfləri var. Bu metod beynəlxalq praktikada, bir çox dövlətlərdə
tətbiq olunur:

“Eyni zamanda yeni işə qəbul olan dövlət qulluqçularını
stimullaşdırır. Çünki onların maaşında artım baş verəcək. Onlar
dövlət qulluğuna qəbul zamanı prosedurları keçərkən əvvəlcədən
biləcəklər ki, artıq əməkhaqqı nə qədərdir.

Burada həmçinin korrupsiya ilə mübarizə məsələləri də öz əksini
tapır. Əməkhaqqının artırılması korrupsiya ilə mübarizəni
gücləndirən amildir. Bəzən əməkhaqqının aşağı olması dövlət
qulluqçusunu hansısa sui-istifadə hallarına meyilləndirir. Qlobal
tədqiqatlar göstərir ki, korrupsiya ilə mübarizədə bu əlverişli,
faydalı üsuldur.

Dövlət orqanlarında əməkhaqqı fondunun proqnozlaşdırılması
asanlaşacaq. Əvvəlcədən bilmək mümkün olacaq ki, dövlət qulluğunda
çalışanların əməkhaqqı fondu nə qədər təşkil edəcək. Bu da həm
büdcə proqnozlaşdırılmasında, həm də onun tərkibi hissəsi olan
əməkhaqqı fondunun müəyyənləşdirilməsində daha çevik alət kimi
çıxış edəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir