
Bakı. Trend:
UNEC-də xalqımızın milli-mənəvi dəyərlərini və qədim
adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə
“UNEC-də Novruz daha gözəl olur” adlı təntənəli bayram tədbiri
keçirilib.
Tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət
Muradov universitet kollektivini təbrik edərək, bu əziz bayramın
birlik, həmrəylik və milli dəyərlərin təntənəsi olduğunu
vurğulayıb. Novruzun insanlara yenilənmə, ümid və gələcəyə inam
aşıladığını deyən rektor, müəllim, tələbə və əməkdaşlara
cansağlığı, uğurlar və firavanlıq arzulayıb.
Sonra Ədalət Muradov tələbə-rektor Ayan Cavadzadə ilə birlikdə
Novruz tonqalını alovlandırıb.
Bayram şənliyində Azərbaycanın müxtəlif regionlarına xas olan
Novruz mətbəxinin nemətləri və atributları ilə zəngin guşələr
nümayiş olunub. Fakültələr tərəfindən hazırlanmış Novruz xonçaları
və milli şirniyyatlar böyük maraqla qarşılanıb.
Tədbirdə Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin
iştirakı ilə təqdim olunan səhnəciklər, əyləncəli oyunlar, eləcə də
pəhləvanın göstərdiyi nömrələr iştirakçılara xoş anlar yaşadıb.
Yaradıcılıq Mərkəzinin vokal, instrumental orkestr və rəqs
dərnəklərinin üzvləri olan istedadlı tələbələrin çıxışları isə
tədbirə xüsusi bayram ovqatı qatıb.
Əcnəbi tələbələrin də böyük maraqla qoşulduğu şənlik
çərçivəsində bayram tonqalının ətrafında yallı gedilərək birlik və
həmrəylik nümayiş etdirilib. Tədbir musiqiçilərin ifasında
səsləndirilən şən musiqi nömrələri ilə davam edib.

