Mexiko şəhərində Novruz bayramına həsr edilmiş təntənəli konsert təşkil edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri, o
cümlədən Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə
Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Bakıda yerləşən Türk
Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Mexiko şəhərində yazın
gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə
edən Novruz bayramı münasibətilə təntənəli konsert proqramı təşkil
olunub.

Trend xəbər verir ki,
tədbirdə Meksika Deputatlar Palatasının və Senatının üzvləri,
xarici işlər və mədəniyyət nazirliklərinin müxtəlif idarələrinin
vəzifəli şəxsləri, Meksikada akkreditə olunmuş səfirlər və
diplomatik korpusun digər təmsilçiləri, habelə yerli mətbuat
nümayəndələri iştirak ediblər.

Yerli ictimaiyyətə açıq keçirilən konsertdə Meksikada yaşayan
həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi ansambl, həmçinin
Türk Dünyası Rəqs və Musiqi Ansamblı tərəfindən Azərbaycan,
Türkiyə, Qazaxıstan və Meksika bəstəkarlarının repertuarından
tanınmış musiqi parçaları ifa olunub.

Konsert proqramının açılışında çıxış edən Azərbaycanın
Meksikadakı səfiri Seymur Fətəliyev konsertin Azərbaycan, qardaş
Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri tərəfindən birgə
təşkil olunmasının xüsusi məna daşıdığını, belə bir birgə
təşəbbüsün paylaşma, həmrəylik və ortaq mədəni yaddaş olan Novruzun
ruhuna uyğun olduğunu bildirib. Novruz bayramının türk dünyasını
bir araya gətirən ən güclü mədəni dəyərlərdən biri olduğu
vurğulanıb. Çıxışında eyni zamanda Novruzun böyük birləşdirici
gücünün beynəlxalq səviyyədə də tanınmasından söz açan səfir
2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart Beynəlxalq
Novruz Günü elan edildiyini, Azərbaycanın da bu təşəbbüsü irəli
sürən və dəstəkləyən ölkələr sırasında yer aldığını diqqətə
çatdırıb. Bu qərarın Novruzun həm də bəşəri dəyərləri təcəssüm
etdirən beynəlxalq mədəni hadisə kimi qəbul edildiyinin göstəricisi
olduğunu bildirib. Həmçinin, Novruzun 2009-cu ildə UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edildiyi, ilk çoxmillətli nominasiya kimi müxtəlif ölkələri
birləşdirdiyi izləyicilərin diqqətinə çatdırılıb.




Türkiyənin Meksikadakı səfiri Murat Səlim Əsənli, Qazaxıstan
Səfirliyinin müşaviri Yerlan Kubaşev də öz çıxışlarında Novruz
bayramının türk dünyasını birləşdirən dəyərlərdən biri olduğunu
qeyd edib, bu tədbirin Meksikada birgə təşkilinin əhəmiyyətini
vurğulayıblar.

Həmçinin açılışda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova və Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət
Mərkəzinin rəhbəri Əbdürrəhman Əlinin Novruz münasibətilə tədbir
iştirakçılarına video müraciətləri səsləndirilib. Müraciətlərdə
Novruzun Azərbaycan, Türkiyə, Qazaxıstan kimi türk xalqları başda
olmaqla geniş coğrafiyada qeyd olunan, ortaq mədəni dəyərləri və
tarixi bağları əks etdirən əlamətdar bayram olduğu vurğulanıb.

Anşlaqla keçən konsert proqramı izləyicilər tərəfindən böyük
maraqla qarşılanıb. Tədbir iştirakçılarına türk dünyası
mədəniyyətini əks etdirən video-çarxlar, habelə Azərbaycan və
Türkiyə mətbəxinin təamları təqdim olunub.

Tədbirin informasiya dəstəyi “Trend” İnformasiya Agentliyi
tərəfindən göstərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir