
Bakı. Trend:
ABŞ-nin Konnektikut ştatının Hartford Universitetində “Qərblə
şərqin görüşü” (“West Meets East”) adlı konsert keçirilib. Konsert
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Konnektikut ştatında yaşayan azərbaycanlı musiqiçi,
Hartford Universitetinin professoru Kamilla Məmmədovanın
təşkilatçılığı ilə baş tutub.
Trend xəbər
verir ki, tədbirdə Azərbaycan icmasının nümayəndələri, xarici
qonaqlar, universitetin professor-müəllim və tələbə heyəti,
həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak
edib.
Əvvəlcə Azərbaycan və onun zəngin mədəni irsindən bəhs edən
videoçarx nümayiş olunub.
Kamilla Məmmədova açılış nitqi ilə çıxış edərək ölkəmizin zəngin
musiqi mədəniyyətinin tarixi, milli ənənələri və bu irsin dünya
xəzinəsinə verdiyi dəyərlər haqqında danışıb. Belə tədbirlərin
mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması və inkişafı
baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Komitə əməkdaşı bu kimi mədəni tədbirlərin Azərbaycan
musiqisinin və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasında
mühüm rol oynadığını bildirib. Belə təşəbbüslərin müxtəlif xalqlar
arasında dialoqu gücləndirdiyini, şərqlə qərb arasında mədəni
körpülərin qurduğunu deyib.
Amerikalı musiqiçi, kamança ifaçısı, Amerika Muğam Cəmiyyətinin
rəhbəri Cefri Verbok Azərbaycan muğam sənətinin zəngin ənənələri və
çoxəsrlik tarixindən bəhs edib. Bu musiqi irsinin bəşəri dəyərləri
əks etdirdiyini və improvizasiya xüsusiyyətləri ilə seçildiyini
diqqətə çatdırıb.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli,
Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri ilə yanaşı,
xalq mahnılarından nümunələr səsləndirilib. Cefri Verbok Templ
Universitetinin doktorantı, skripka ifaçısı Azər Dəmirovun
müşayiəti ilə “Segah” və “Qarabağ şikəstəsi” muğamlarını ifa edib.
Amerikalı pianoçu Kolin Kristinin təqdim etdiyi “Qaytağı” rəqsi,
eləcə də amerikalı ifaçı Sofiya Zayın səsləndirdiyi “Azərbaycan” və
“Qərənfil” mahnıları dinləyicilərin marağına səbəb olub. Eyni
zamanda, Azər Dəmirovun kamançada ifası və Kamilla Məmmədovanın
pianoda müşayiəti ilə təqdim olunan Üzeyir Hacıbəylinin “Sevgili
canan” əsəri və məşhur “Küçələrə su səpmişəm” xalq mahnısı
tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Sonda ifaçılara hədiyyələr verilib və xatirə şəkli
çəkdirilib.

