
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
dövlət qulluqçularının əməkhaqlarının artırılması və yeni əməkhaqqı
modelinə keçidlə bağlı qəbul edilən qərar dövlət idarəçiliyinin
keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən sistemli islahatdır.
Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemində institusional
dəyişikliklər, rəqəmsallaşma və şəffaflığın artırılması
istiqamətində ardıcıl addımlar atılır. Yeni əməkhaqqı siyasəti bu
islahatların məntiqi davamı kimi çıxış edir. Əməkhaqqı strukturunun
sadələşdirilməsi, müxtəlif əlavələrin vahid maaş sisteminə
inteqrasiyası dövlət qulluğunda daha aydın, ölçülə bilən və sabit
mexanizmin formalaşmasına imkan yaradır. Bu dəyişikliklər
idarəetmədə motivasiya, məsuliyyət və nəticəyönümlülük kimi əsas
prinsipləri gücləndirir.
Qeyd edilməlidir ki, dövlət qulluqçularının əməkhaqqı artımı
birbaşa və dolayı olaraq bir neçə mühüm sahəyə sistemli təsir
gücünə malikdir.
Birincisi, dövlət sektorunun rəqabət qabiliyyətinin artması özəl
sektorla münasibətdə daha sağlam balans yaradır. Bu, yüksək
ixtisaslı mütəxəssislərin dövlət sektoruna yönəlməsini
stimullaşdırır və dövlət xidmətində insan kapitalının keyfiyyətini
artırır.
İkincisi, əməkhaqqı artımı alıcılıq qabiliyyətini yüksəldərək
daxili tələbi artırır. Bu isə bir sıra sahələrdə, xüsusilə xidmət
və ticarət sektorlarında canlanmaya səbəb olur.
Ücüncüsü, sosial sabitlik və orta təbəqəni gücləndirir. Dövlət
qulluqçularının rifahının yaxşılaşması orta gəlirli təbəqənin
möhkəmlənməsinə xidmət edir.
Dördüncüsü, yeni modelin ən mühüm tərəflərindən biri onun
şəffaflığı gücləndirməsi və korrupsiyaya qarşı preventiv təsir
potensialıdır. Əmək haqqının şəffaf və adekvat olması dövlət
qulluqçularının qeyri-rəsmi gəlir axtarışına motivasiyasını
azaldır.
Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, yüksək
qiymətləndirilən Sinqapur modelində dövlət qulluqçularının
maaşlarının özəl sektor səviyyəsinə yaxınlaşdırılması nəticəsində
bu ölkə uzun illərdir korrupsiya indekslərində lider mövqelərdədir.
Eyni zamanda Honq-Konq təcrübəsi də göstərir ki, maaş artımı
korrupsiya şikayətlərinin azalması ilə müşayiət olunur. Bir sözlə,
əməkhaqqı siyasəti ilə korrupsiya səviyyəsi arasında əlaqə
nəzəriyyə və praktikada da təsdiqlənir.
Beləliklə, dövlət qulluqçularının əmək haqqlarının artırılması
qərarı iqtisadi, sosial, idarəetmə, etik baxımdan əsaslandırılmış
və doğru qərardır.
İqtisadi baxımdan. Əgər dövlət idarəçiliyinin keyfiyyəti
yüksəlirsə, bu iqtisadi artıma müsbət təsir edir. Yəni bu, sadəcə
xərclərin artımı deyil, investisiya kimi dəyərləndirilməlidir.
Sosial baxımdan. Uzunmüddətli dövrdə daha effektiv dövlət
xidmətləri bütün cəmiyyətə fayda verir. Gənclər üçün dövlət
xidmətinin cəlbediciliyi yüksəlir.
İdarəetmə baxımından. Bəllidir ki, keyfiyyətli dövlət
idarəçiliyi ucuz başa gəlmir. Əksinə, zəif idarəetmənin
iqtisadiyyata vurduğu zərər daha böyükdür. Verilmiş qərar
nəticəsində dövlət qulluğunda peşəkar kadrların sayı artacaq ki, bu
da bütövlükdə peşəkarlıq səviyyəsini və dövlət xidmətlərinin
keyfiyyətini yüksəldəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, bu siyasət təkcə regional
deyil, qlobal tendensiyalarla da uzlaşır. Belə ki, beynəlxalq
səviyyədə dəstəklənən yanaşmalarda da dövlət sektorunda əməkhaqqı
sistemlərinin sadələşdirilməsi və performans əsaslı modellərə keçid
əsas prioritetlərdən biridir. Estoniya, Latviya, Sloveniya və digər
ölkələrdə həyata keçirilmiş oxşar islahatlar göstərir ki, dövlət
qulluqçularının maaşlarının artırılması və nəticədə sistemin daha
da şəffaflaşdırılması dövlət sektorunun effektivliyini əhəmiyyətli
dərəcədə yüksəldir.
Etik baxımdan. Ədalətli əməkhaqqı dövlət qulluqçusunun
məsuliyyətinə uyğun ödəniş almasını təmin edir. Bu, idarəetmədə
etik davranış standartlarını gücləndirir.
Dövlət qulluqçularının maaşlarının əhəmiyyətli dərəcədə
artırılması ölkəmizdə təhsil və elmin inkişafına da təsiri
gözləniləndir. Belə ki, dövlət sektorunda daha yüksək maaşlar
təhsilli və bacarıqlı kadrların ölkədə çalışmasını stimullaşdırır.
Dövlət qurumlarında analitik, tədqiqat və strateji düşüncə tələb
edən vəzifələrə daha güclü mütəxəssislər cəlb olunacaq. Bu isə
qərar qəbuletmə prosesinin elmi əsaslarının güclənməsinə gətirib
çıxaracaq. Dolayısı ilə bu siyasət universitetlərdə təhsilin
keyfiyyətinə də təsir edəcək, çünki bazarda daha keyfiyyətli
məzunlara tələb artacaq.
Beləliklə, dövlət qulluqçularının əməkhaqqının artırılması
strateji idarəetmə qərarıdır. Bu addım dövlətin insan kapitalına
yatırdığı investisiyadır və dövlətin insan kapitalına verdiyi
dəyərin bir daha göstəricisidir. İnanıram ki, bu qərar daha
effektiv, şəffaf və güclü idarəetmə modelinin formalaşmasına güclü
təsir göstərəcək. Bu baxımdan, qəbul edilən qərar həm iqtisadi
məntiqə, həm beynəlxalq təcrübəyə, həm də müasir dövlətçilik
prinsiplərinə uyğun olaraq əsaslandırılmış və perspektivli siyasət
addımıdır.
Ədalət Muradov,
iqtisad elmləri doktoru, professor,
Rektor, UNEC

