Novruz baharın gəlişi müjdəsini verən əziz bayramdır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqı dünyada zəngin tarixə, milli-mənəvi dəyərlərə,
mədəniyyətə sahib olan xalq kimi tanınır. Bütün dövrlər üçün bu
çağırış öz aktuallığını saxlayır ki, milli-mənəvi dəyərlərimizi
qoruyaq, inkişaf etdirək, indiki və gələcək nəsillərə çatdıraq. Hər
bir xalqın tanınmasında onun milli-mənəvi dəyərləri əsas amillər
sırasındadır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətinin hər iki dövrünə, həmçinin Ulu Öndərin siyasi kursunu
son 22 ildən artıq müddətdə uğurla davam etdirən Prezident İlham
Əliyevin atdığı addımların xronologiyasına diqqət yetirsək
azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin və
təbliğinin prioritetliyini aydın şəkildə görərik. Birlik, həmrəylik
çağırışlarının fonunda bu gün dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlıların vahid amal uğrunda birləşməsindən qürurla bəhs
edirik. Azərbaycan beynəlxalq səviyyədə ənənələri olan ölkə kimi
dəyərləndirilir. Novruz bayramı xalqımızın milli-mənəvi
dəyərlərini, birliyini və həmrəyliyini özündə ehtiva edən, baharın
gəlişi müjdəsini verən əziz bayramdır. Novruz, həmçinin özündə yeni
başlanğıc mesajını əks etdirir. Yeni hədəflərə çağırışlar edilir,
birlik, həmrəylik əsasında onların uğurla həyata keçiriləcəyinə
əminlik ifadə olunur. Prezident İlham Əliyevin Novruz bayramı
münasibətilə Azərbaycan xalqına təbrikində əminliklə qeyd etdiyi
kimi, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi
arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və əzmimizlə
azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma
altında gözəlliklər məskəninə çevirəcəyik.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, tarixi Zəfərimizə qədər
bütün bayramlarda, o cümlədən Novruz bayramında bu arzu ifadə
edilirdi ki, işğal altında olan ərzilərimiz azad edilsin, bu
torpaqlarda bayram tonqalları alovlansın. Artıq altı ildir ki, bu
arzular işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın uğurla
həyata keçirilməsi, azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun
cənnət məkana çevrilməsi ilə əvəzlənib. Bu gün azad edilmiş bütün
torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Şanlı Qələbəmiz
növbəti Zəfərlərə yol açdı. 2023-cü ilin sentyabrında rəşadətli
ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə,
Ağdərədə Azərbaycan Bayrağı ucaldı. Bu gün qürurla sakinlərinə
qovuşan şəhərlərimiz sırasında Xocalının, Xankəndinin və Xocavəndin
də adının olmasından bəhs edirik. Qısa müddətdə genişmiqyaslı
bərpa-quruculuq işlərinin həyata keçirilməsi torpaqlarımızın
mərhələ-mərhələ sakinlərinə qovuşması ilə müşayiət olunur. Bu gün
bu torpaqlarda Novruz tonqalının alovlandırılmasından böyük
xoşbəxtlık ola bilməz.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Novruz təkcə türk
xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab
edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı
Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Azərbaycan xalqının
milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli
adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə
seçilən Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il
fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının
iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.
Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına daxil edilməsi və BMT-nin Baş Assambleyası
tərəfindən Beynəlxalq Novruz Günü elan edilməsi milli
adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən,
dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini
təsdiqlədi. Novruz sadəcə bir təbiət hadisəsi kimi deyil, həm də
xalqların, millətlərin daha yaxşı gələcək naminə birgə yaşama və
anlaşma arzusunu özündə birləşdirən bayram kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa
təbrikində vurğuladığı kimi, Azərbaycan torpağında çox qədim
köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə
müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli
təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni
dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz
mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz
sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı
arzuları bütün zənginliyi ilə təcəssümünü tapır. Novruz ənənələrini
yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və
dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi
qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin
mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri
sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir
guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el
şənlikləri ilə qarşılanır.




Millət vəkili bildirib ki, hər bir bayram hesabat xarakteri
daşıyır. Əldə olunan uğurlara bir daha diqqət yönəldilir və onların
əsasında gələcək addımların konturları cızılır. Azərbaycan 1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından başlayaraq inkişaf, tərəqqi yolunda inamla
addımlayır, hədəflərə ardıcıllıqla nail olur. Bu gün dünyaya səs
salan tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına qədər
keçilən yola nəzər salsaq ədalətin bərpasının, torpaqlarımızın
işğaldan azad edilməsinin əsas hədəf olması ilə yanaşı, buna nail
olmaq üçün aparılan hazırlıq işlərinin şahidi olarıq. Hər zaman bu
çağırış edilirdi ki, tezliklə Azərbaycan Bayrağı Qarabağda, Şuşada,
Xankəndidə dalğalanağaq. Bu əminliyin davamı olaraq o da qeyd
edilirdi ki, o gün uzaqda deyil. Təbii ki, buna əsas verən
Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı, məsələnin həlli üçün
möhkəm hüquqi bazanın mövcudluğu idi. Ölkəmizin ev sahibliyi etdiyi
beynəlxalq əhəmiyyətli tədbirlər hər zaman Azərbaycan
həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynayır. Prezident İlham
Əliyev bu platformalardan Azərbaycanın sülhə gedən yolunu əsaslı
şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev bu günlərdə
Azərbaycanın ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumundakı
çıxışında bir daha bu məqamlardan geniş bəhs edərək bildirdi ki,
Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha
sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya
uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz
hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək
sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. O da vurğulandı
ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış,
suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə
bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh
təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa
biləcəyimiz nadir bir təcrübədir.

Zəfərlərimiz, sülhə nail olmağımız Azərbaycan xalqının nə qədər
yenilməz, məğrur xalq olduğunu, tarixinə, torpağına sahib çıxdığını
təsdiqləyən əsas amillərdəndir. Bu gün qürurla bütün Azərbaycan
ərazisində Novruz tonqallarının alovlandırılmasından bəhs edirik.
Doğma yurd-yuvasına qayıdan soydaşlarımızın sevincinin həddi-hüdudu
yoxdur. Prezident İlham Əliyevin Novruz təbrikində arzuladığı kimi,
qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun,
hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza
əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Vüqar Rəhimzadə qeyd edib ki, bugünümüzün uğurları qalib,
bütövləşən Azərbaycanın qarşısında geniş imkanlar açır. Əminik ki,
nöbvəti Novruz bayramında Azərbaycanın tarixini daha da
zənginləşdirən çoxsaylı uğur səhifələrini vərəqləyəcək, yeni
hədəflərdən bəhs edəcəyik. Bu əminliyimizə 2026-cı ilin ötən
dövründə qazanılan uğurlar əsas verir. Azərbaycan iqtisadi və
siyasi mövqeyini möhkəmləndirməklə, tarixi sülh razılaşmasına nail
olmaqla növbəti uğurlarının yol xəritəsini təqdim edir. Növbəti
bayramda sülh müqaviləsinin imzalanması ilə əbədi sülhün təmin
edilməsindən danışacağıq. Prezident İlham Əliyevin bildirdiyi kimi,
bu, bizim strategiyamız və siyasətimizdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir