
Bakı. Trend:
ABŞ-nin San-Fransisko şəhərində keçirilən məhkəmədə andlılar
heyəti “X” sosial şəbəkəsinin sahibi İlon Maskın platformadakı
saxta hesablarla bağlı açıqlamalarının federal qanunları pozduğuna
qərar verib.
Trend-in xarici
KİV-ə istinadən verdiyi xəbərə görə, qərarda Maskın “bot
hesablar”la bağlı iddialarının “X” səhmlərinin “süni şəkildə dəyər
itirməsinə” səbəb olduğu bildirilir.
Bununla belə, heyət Maskın investorları aldatmaq məqsədilə ümumi
“dələduzluq sxemi” həyata keçirdiyi iddialarını təsdiqləməyib.
Xatırladaq ki, İlon Mask 2022-ci il 14 aprel tarixində ABŞ
Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə “X”i
hər səhm üçün 54,2 dollar qiymətlə almağı təklif etmişdi. Aprelin
25-də tərəflər satışla bağlı razılıq əldə etdiklərini
açıqlamışdılar.
Lakin Mask 13 mayda saxta və spam hesabların sayına dair
məlumatların dəqiqləşdirilməsini əsas gətirərək təxminən 44 milyard
dollarlıq satınalma prosesini müvəqqəti dayandırdı. Bundan sonra
şirkətin səhmlərində eniş müşahidə olundu və həmin açıqlamalar
səbəbilə ona qarşı məhkəmə iddiası qaldırıldı.

