
Bakı. Trend:
İranın Müdafiə Şurası ABŞ və İsrail ölkənin sahillərinə və ya
adalarına hücum edəcəyi təqdirdə Fars körfəzindəki bütün dəniz
yollarını minalamaqla hədələyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Düşmənin İran sahillərinə və ya adalarına hücum etmək cəhdləri,
adi hərbi praktikaya uyğun olaraq, Fars körfəzində və sahilboyu
bütün keçidlərin və nəqliyyat yollarının müxtəlif dəniz minaları, o
cümlədən sahildən buraxıla bilən üzən minalarla minalanmasına
gətirib çıxaracaq”,- məlumatda bildirilir.
Müdafiə Şurasında vurğulanıb ki, Fars körfəzinin minalanması
halında o, uzun müddət ərzində “Hörmüz boğazına bənzər vəziyyətə”
düşəcək və faktiki olaraq gəmiçilik üçün bağlanacaq.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

