
Bakı.Trend:
Yaxın Şərq münaqişəsinin davam etməsi və neftin kəskin
bahalaşması fonunda Çin hökuməti ölkədə yanacaq qiymətlərinə limit
qoyub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) gecə
saatlarından etibarən benzin və dizel yanacağı üçün qiymət tavanı
müəyyənləşdirib. Ölkə ərazisində benzinin pərakəndə satış
qiymətinin ən yüksək həddi hər metrik ton üzrə 1160 yuan (təx. 168
ABŞ dolları), dizel üçün isə 1115 yuan (təx. 161 ABŞ dolları)
müəyyən edilib.
Qeyd edək ki, Yaxın Şərqdə ABŞ, İsrail və İranın iştirakı ilə
silahlı münaqişə və əsas qlobal tədarük dəhlizlərindən sayılan
Hörmüzdə gəmi hərəkətlərinin kəskin azalması ilə əlaqədar “Brent”
nefti artıq 50 faizdən çox bahalaşıb, öncədən bağlanan kontraktlar
bir barel üçün 109 dollardan yuxarı satılır ki, bu da qlobal neft
bazarlarında artan təzyiqi əks etdirir.
“Fitch Solutions”un tərkibinə daxil olan BMI-ın analitikləri,
münaqişənin uzanacağı təqdirdə qiymətin 150-i dolları keçəcəyini
belə istisna etmir.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

