Türkiyə İranla bağlı danışıqlara vasitəçilik edə bilər – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran arasında mümkün danışıqlar, Tehran tərəfinə təqdim
edilmiş təklif əsasında, Türkiyə və digər dövlətlərin vasitəçiliyi
ilə keçirilə bilər.

Trend xəbər verir
ki, bu barədə “Al-Monitor” portalı türk mənbələrinə istinadən
məlumat yayıb.

Məlumata görə, danışıqlar təklifi İran rəhbərliyinə məhz türk
vasitəçilər vasitəsilə çatdırılıb. Əgər dialoq baş tutarsa, orada
Türkiyə nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Portalın mənbəsinin bildirdiyinə əsasən, ABŞ tərəfini
danışıqlarda Amerika təklifinə uyğun olaraq vitse-prezident Cey Di
Vens təmsil etməlidir. İran tərəfdən isə Vaşinqton parlamentin
(Məclisin) sədri Məhəmməd Baqer Qalibafın iştirakını gözləyir.

Daha əvvəl İsrailin 12-ci kanalı yəhudi dövlətinin bir rəsmisinə
istinadən bildirmişdi ki, ABŞ və İran nümayəndələri arasında görüş
bu həftənin sonu İslamabadda baş tuta bilər. Telekanal da
danışıqlarda Vens və Qalibafın iştirak edə biləcəyini qeyd
edib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir