
Bakı. Trend:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC (ATT) ilə İtaliyanın
əsas fermer təşkilatı olan “Coldiretti”, eləcə də kənd təsərrüfatı
və aqrar sənaye sahəsini özündə birləşdirən “Filiera Italia”
Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend Kənd
Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, memorandum nazir
Məcnun Məmmədovun İtaliyanın kənd təsərrüfatı naziri və İtaliya
Ticarət Agentliyinin prezidenti ilə görüşü çərçivəsində
imzalanıb.
Belə ki, Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı
naziri Məcnun Məmmədov İtaliya Respublikasının kənd təsərrüfatı,
ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko
Lollobrigida və İtaliya Ticarət Agentliyinin prezidenti (ITA)
Matteo Zoppas ilə görüşüb.
Görüşlərdə aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, kənd
təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin
artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər
iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş
adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların
transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq
məsələləri, o cümlədən şərabçılıq, heyvandarlıq və südçülük
sahələrində əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin
genişləndirilməsi müzakirə olunub.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə
ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində,
kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin
artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi
aparılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC (ATT)
ilə İtaliyanın əsas fermer təşkilatı olan “Coldiretti”, eləcə də
kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən
“Filiera Italia” Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu
imzalanıb. Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın
istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd
təsərrüfatı və aqrar sənaye sektorunda məhsuldar, dayanıqlı və
ixracyönümlü kənd təsərrüfatı iqtisadiyyatının qurulması sahəsində
əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

