
Bakı.Trend:
Hazırda burada 30-dan artıq ölkədən nümayəndələr iştirak edir.
Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu, sözün həqiqi
mənasında möcüzədir.
Trend xəbər verir
ki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis
“NomadMania” klubunun illik toplantısında çıxışında deyib.
Hari Mitsidis səyahətçilərin Qarabağ səfərinin proqramını da
açıqlayıb və o, “NomadMania”nın mənasından danışıb:
“Nomad Mania 2012-ci ildə yaradılıb. Həmin vaxt “The Best
Travelled” adı ilə tanınırdı. Bəzi insanlar düşünür ki, Nomad Mania
yalnız səyahət siyahıları və statistikadan ibarətdir. Müəyyən
dərəcədə bu doğrudur, çünki fəaliyyətinə məhz bu cür başlayıb.
Bizim dünyanı müxtəlif regionlara bölən maraqlı siyahılarımız var.
Yaxın vaxtlara qədər 1301 region mövcud idi, lakin son bir ay
ərzində bu say artırılır və ehtimal ki, ümumi say 1380 ətrafında
olacaq”.
O qeyd edib ki, bu, “NomadMania” nın fəaliyyətinin yalnız kiçik
bir hissəsidir: “Bizim çox fəal və ildən-ilə böyüyən bir icmamız
var. Hazırda üzvlərin sayı 55 minə yaxındır. Qeyd edək ki, bu
platformaya qoşulmaq o qədər də asan deyil – profil yaratmaq və onu
doldurmaq üçün vaxt sərf etmək lazımdır. Bu baxımdan “Facebook” və
ya “Instagram” kimi sadə qeydiyyatlı platformalardan fərqlənir.
“NomadMania”nı unikal edən digər məqam layihələridir. Bu
layihələr səyahətlər zamanı görülə biləcək 60-dan çox tematik
siyahını əhatə edir. Məsələn, akvariumlar, hərbi muzeylər, həmçinin
“Bizarium” və “Dark Side” kimi mövzular. Bütün bu obyektlər
xəritədə göstərilir və istifadəçilər istədikləri istiqamət üzrə
seçim edə bilirlər”.
Hari Mitsidis qeyd edib ki, səyahət təqaüdləri klub üçün çox
önəmlidir:
“Məqsədimiz heç vaxt ölkəsindən kənara çıxmamış gənclərə ilk
səyahət imkanını yaratmaqdır. Ukrayna, Ruanda və son olaraq
Pakistandan olan iştirakçılar bu imkandan yararlanıblar. Növbəti
iştirakçılar Burundi və Malavidən olan iki gənc qadındır”.

